BAKI, 17 avqust. TELEQRAF
“İsrail ordusu hər gecə Qəzza zolağında 30-40 nəfərə qarşı məqsədli sui-qəsd əməliyyatı keçirməli, bölgədə yəhudi yaşayış məntəqələri salmağa başlamalı və orada yaşayan fələstinlilərin köçünü təşviq etməlidir”.
Teleqraf xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında HƏMAS Hərəkatı tərəfindən iki ildən çox müddətdə girov saxlanılmış Rom Braslavski ilə müsahibəsində deyib.
“Düşünürəm ki, Qəzzada məqsədli sui-qəsdlər həyata keçirməli, hər gecə 30-40 nəfəri məhv etməliyik. Yalnız birbaşa təhlükə yaradanları deyil. Xeyr, orada elə insanlar var ki, yaşamağa layiq deyillər. Yaşamamalıdırlar, hətta onlar insan da deyillər”, - nazir bildirib.
Ben-Qvir qeyd edib ki, Qəzzada HƏMAS-a qarşı zərbələrin miqyasını son həftələrdə ABŞ-nin mövqeyi səbəbindən azaltmış İsrail Baş naziri Benyamin Netanyahunun bu məsələdəki siyasəti ilə razılaşmadığı heç kimə sirr deyil.
O, İsrailin keçmiş baş naziri Ariel Şaronun 21 il əvvəl həyata keçirdiyi və “birtərəfli ayrılma proqramı” adlandırılan plan çərçivəsində Qəzza zolağından ayrılan 20-yə yaxın yaşayış məntəqəsinin bərpa edilməsinə çağırıb:
“Mən bütün Qəzzanı bizim hesab edirəm. Yaşayış məntəqələri təkcə Güş-Katifdə (2005-ci ildə sökülmüş keçmiş yaşayış məntəqələri bloku) deyil, bütün Qəzza zolağında olmalıdır. Həmçinin mümkün qədər çox fələstinlinin başqa ölkələrə köçməsi təşviq edilməlidir. Terrorçular üçün isə heç bir köç, heç nə olmamalıdır, onları bir-bir öldürmək lazımdır”.
Braslavski Ben-Qvirdən onu girov saxlayan şəxsi şəxsən edam edib-edə bilməyəcəyini də soruşub.
“İcazə verin, onu asım. Hər bir terrorçunu İsraildə öz əllərimlə edam edəcəm”, - İsrailin milli təhlükəsizlik naziri cavabında söyləyib.
İtamar Ben-Qvir isə cavabında bunun baş verməsi üçün “dünyanı alt-üst edəcəyini” bildirib.