BAKI, 24 iyun. TELEQRAF

Türkiyənin təhlükəsizlik orqanları iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti zamanı zorakılıq aktı törədilməsi ilə bağlı sosial şəbəkələr vasitəsilə göstərişlər verən İŞİD terror təşkilatının silahlısını zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, polis sammitdən əvvəl antiterror əməliyyatı çərçivəsində iyunun 23-də bir evə basqın edib. Təhlükəsizlik qüvvələrinə müqavimət göstərən bir silahlı zərərsizləşdirilib, həyat yoldaşı isə yaralanıb.

Qeyd edək ki, NATO sammiti ərəfəsində Ankara Baş Prokurorluğunun orderinə əsasən terrorçu və ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb. Onlardan 50-dən çoxu İŞİD-lə əlaqəlidir.