BAKI, 1 aprel. TELEQRAF
İranın keçmiş liderinin oğlu Rza Pəhləvi ən azı beş siyasi məhbusun edam edilməsi ehtimalı ilə bağlı verdiyi açıqlamada Tehranın növbəti bağışlanmaz cinayət törətməyə hazırlaşdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.
Bu məhbusların naməlum yerə köçürülməsi ilə bağlı məlumatlara istinadla o, həbs olunanlar arasında Məhəmməd Əmin Biqlari, Şahin Vaheparast Klor, Əbülfəzl Salehi Siavaşani, Əmir Hüseyn Xatəmi və Əli Fəhimin olduğunu və onların edam təhlükəsi ilə üzləşdiklərini bildirib.
Pəhləvi bu şəxslərin etdikləri əməllərə görə yox, siyasi baxışları səbəbindən məhkum edildiyini vurğulayıb: “İran məhkəmələri ədalət üçün yox, terror yaratmaq və cəmiyyəti susdurmaq məqsədi güdür”.
İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu BMT-nin müvafiq qurumlarını bu hökmlərin icrasının qarşısını almaq və siyasi məhbusların həyatını xilas etmək üçün dərhal müdaxilə etməyə çağırıb.