BAKI, 25 mart. TELEQRAF
ABŞ və regional vasitəçilər Tehranla danışıqların yaxınlaşdığını elan etsələr də, məlumatlı mənbələr Vaşinqtonun hələ onlardan dəqiq cavab almadığını və proseslə bağlı şübhələrin davam etdiyini bildirirlər. İsrail də ABŞ-nin Tehrana gözləniləndən daha çox güzəştə gedəcəyindən narahatdır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“ABŞ və vasitəçi ölkələr İranın yüksək vəzifəli rəsmiləri səviyyəsində sülh danışıqlarının aparılması imkanlarını araşdırırlar. Danışıqlar martın 26-da baş tuta bilər. Amma iki məlumatlı mənbəyə görə, onlar hələ də Tehrandan cavab gözləyirlər”, - portal qeyd edib.
Media orqanı anonim məlumatlı mənbəyə istinadla əlavə edib ki, İran vasitəçi ölkələrə ABŞ Prezidenti Donald Tramp tərəfindən iki dəfə aldadıldıqdan sonra bir daha aldanmaq istəmədiyini bildirib.
Mənbələrin sözlərinə görə, ABŞ-nin hərbi addımları və Trampın bölgəyə irihəcmli əlavə qüvvə göndərmək qərarı Tehranın danışıqlar təklifinin sadəcə aldatma əməliyyatı olduğuna dair şübhələrini artırıb.