BAKI, 11 mart. TELEQRAF
“Bu müharibə qızışıb bütün bölgəni yandırmadan dayandırılmalıdır. Diplomatiyaya şans verilərsə, bu, tamamilə mümkündür”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verənlər haqda danışarkən deyib.
O bildirib ki, Türkiyə tərəfləri danışıqlar masasına qaytarmaq və diplomatiyanı yenidən aktivləşdirmək üçün səylərini davam etdirir:
“Vəziyyətin həssaslığını nəzərə alaraq və Türkiyəni ətrafdakı yanğından qorumaq üçün ehtiyatla hərəkət edirik.
Biz heç vaxt regionumuzun insanlarına, o cümlədən qardaş İran xalqına “bu şiədir, o sünnidir, bu türkdür, o kürddür” prizmasından baxmamışıq və heç vaxt da baxmayacağıq. İrq, məzhəb, din, dil və ya mənşəyə görə ayrı-seçkiliyi rədd edirik. Bizim “sünni” və ya “şiə” kimi bir dinimiz yoxdur. Bizim yalnız bir dinimiz var, o da İslamdır”.
Prezident Ərdoğan qeyd edib ki, Türkiyə İsrailin oyununa aldanmamalıdır:
“Bölgəmizdə səhnələşdirilməyə çalışılan qanlı ssenarilərə, xüsusən də məzhəb münaqişəsinə qarşı lazımi tədbirləri görürük. Bu millətin keçmişdə olduğu kimi, bu gün də, sabah da ona uzanan əlləri qırmaq üçün güc, qətiyyət və qüdrəti var.
Bugünkü Türkiyə çox fərqlidir. Türkiyə daha da güclənib. Türkiyə passiv mövqedən çıxaraq bölgəsində oyunu dəyişdirən rolla yoluna davam edir. Türkiyəyə dil uzadanın dili yanacaq.
Biz macəra və gərginlik axtarmırıq. Bölgəmizin hər qarış və küncündə sülh və əmin-amanlığın hökm sürməsini istəyirik. Sülhdən başqa heç bir məqsədimiz yoxdur. Heç kimin torpağında gözümüz yoxdur. Amma kimsə macəra axtarırsa, ona meydan oxumaqdan çəkinməyəcəyik”.