BAKI, 1 mart. TELEQRAF
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Ali Rəhbər Ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı xalqa müraciət edib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu hadisəni ölkə üçün "böyük faciə" adlandırsa da, xalqı və dövləti ruhdan düşməməyə çağırıb.
Pezeşkian müraciətində Konstitusiyanın 111-ci maddəsinə istinad edərək, ölkədə hakimiyyət boşluğunun yaranmayacağını xüsusi vurğulayıb. O qeyd edib ki, Müvəqqəti Rəhbərlik Şurası artıq fəaliyyətə başlayıb və Ali Rəhbərin yolu qətiyyətlə davam etdiriləcək.
Prezident çıxışında hücumun müəlliflərinə – ABŞ və İsrailə sərt mesajlar ünvanlayıb:
"Amerika və İsrail bilməlidir ki, bu addımlar onlara heç bir nailiyyət gətirməyəcək. Düşmənin məkrli planlarını puça çıxarmalı və onları, həmişə olduğu kimi, ümidsizliyə düçar etməliyik".
Pezeşkian İran silahlı qüvvələrinin hazırda bütün qüdrəti ilə düşmən bazalarını hədəfə aldığını və bu əməliyyatların davam edəcəyini bəyan edib. O, Əli Xameneinin illərlə apardığı mübarizənin və fədakarlığın yerdə qalmayacağını bildirib.