BAKI, 5 fevral. TELEQRAF

“ABŞ və İran arasında danışıqlarla bağlı yayılan xəbərlərdən narahatam, Tehranla danışmaq əbəsdir”.

Teleqraf xəbər verir ki, bunu amerikalı senator Stiv Deyns deyib.

“İran rejimi əvvəl necə idisə, elə də qalıb, heç bir dəyişiklik olmayıb. Bu rejim bizi “Böyük Şeytan” adlandırır, dünyada terrorizmi dövlət səviyyəsində ən çox dəstəkləyən ölkədir, husilər və “Hizbullah” kimi qruplaşmaların arxasında dayanır.

Bu rejimi ən pislər kateqoriyasına aid edirəm. Onların əlləri ABŞ əsgərləri və dünyanın müxtəlif yerlərində çoxlu sayda günahsız insanın qanına batıb”, - siyasətçi bildirib.

O vurğulayıb ki, İranda internetin kəsilməsi səbəbindən bu rejimin öldürdüyü etirazçıların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil:

“Amma mənim eşitdiyimə görə, İranda 10 minlə 40 min arasında günahsız etirazçı dəhşətli şəkildə qətlə yetirilib. Bu cür hadisələrdən sonra danışıqlardan söhbət gedə bilməz, əksinə, bu rejimə maksimum təzyiq göstərilməli və İran xalqının rejimi dəyişdirə biləcəyinə ümid edilməlidir”.

Stiv Deynsin fikrincə, İranda hakimiyyət dəyişikliyindən başqa yol yoxdur.