BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana hərbi hücumları dayandırmaq qərarını verdikdən sonra da müşavirlərindən Tehrana qarşı “qəti hərbi variantlar” adlandırdığı planlar hazırlamağı tələb etməkdə davam edib.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Nəşr rəsmilərə istinadla yazıb ki, Donald Tramp ABŞ-nin İrana hərbi hücumundan gözlədiyi nəticə barədə danışarkən dəfələrlə “qəti” sözünü işlədib. Bu isə Ağ Ev və Pentaqondakı köməkçilərini onun üçün müxtəlif variantlar paketi hazırlamağa sövq edib, həmin variantlar arasında İran hakimiyyətinin devrilməsini hədəfləyə biləcək addımlar da yer alır.
Məlumata görə, daha məhdud hədəflərə malik digər variantlar isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli obyektlərə zərbələrin endirilməsini nəzərdə tutur.
Nəşrə danışan rəsmilərin sözlərinə görə, Tramp hərbi hücumların həyata keçirilməsi ehtimalını hələ tam istisna etmir, amma sonda hansı qərarı verəcəyi hələ dəqiq deyil. ABŞ-yə məxsus bir aviadaşıyıcı gəmi və döyüş təyyarələrinin Yaxın Şərq istiqamətində hərəkət etdiyi vaxtda Vaşinqtonda məsləhətləşmələr davam edir.