BAKI, 20 yanvar. TELEQRAF
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının bu gün partiyasının parlament fraksiyasının toplantısında taxdığı üzük və rozet üzərində daşıdığı simvollar və özünəməxsus dizaynı ilə diqqət çəkib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Dairəvi formada hazırlanmış rozetin mərkəzində Fəttahoğulları ailə möhürü yer alıb.

Möhür xəttat tərəfindən yazılmış və xüsusi kompozisiyaya malik “Bəsmələ”, “Fəth”, “İxlas” və “Fatihə” surələri ilə əhatə olunub. Rozet yaqut daşları ilə bəzədilib, spesifik rənglərlə xüsusi olaraq işlənib. Dizayn klassik Türk-İslam sənətinin zərif cizgilərini müasir estetika ilə birləşdirən detalları özündə əks etdirir.

MHP liderinin taxdığı üzük də rozetlə eyni formada hazırlanıb. Dairəvi quruluşa malik üzüyün mərkəzində yenə Fəttahoğulları ailə möhürü, ətrafında isə xəttat tərəfindən yazılmış “Bəsmələ” və surələr yer alıb. Üzük yaqut və spesifik rənglərlə bəzədilib, yan hissələrində isə Dövlət Baxçalıya məxsus işarələrin yer alması diqqət çəkib.