BAKI, 28 noyabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə danışıqları bərpa etmək məqsədi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan vasitəçilik tələbinə cavab olaraq, Vaşinqton Tehranla danışıqlar üçün üç şərtini bir daha təkrarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “Iran International” bildirib.
Saytın mənbəsi təsdiqləyib ki, Pezeşkian Vaşinqtona səfərindən əvvəl bin Salmandan İran və ABŞ arasında vasitəçilik etməsini istəyib. ABŞ Səudiyyə Ərəbistanı vasitəsilə göndərdiyi mesajda İranı məlumatlandırıb ki, Tehran danışıqların əvvəlki raundunda ona təqdim edilmiş üç tələbi qəbul edərsə, danışıqlar masasına qayıtmağa hazır olacaq. Tələblərə nüvə proqramından tamamilə imtina etmək, proksi qüvvələrini ləğv etmək və raket proqramına məhdudiyyətləri qəbul etmək daxildir.
İranın Ali dini rəhbəri Əli Xamenei Məsud Pezeşkianın Məhəmməd bin Salmana məktub göndərməsi ilə bağlı xəbəri “yalan” adlandırıb. O vurğulayıb ki, İran ABŞ ilə əməkdaşlıq və danışıqlara can atmır.
Noyabrın 10-da “Reuters” iki məlumatlı mənbəyə istinadla yazmışdı ki, Pezeşkian bin Salmana məktub göndərərək, ABŞ-yə səfəri zamanı nüvə danışıqlarını bərpa etmək üçün Prezident Donald Trampı razı salmasını xahiş edib.