BAKI, 14 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səudun Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampdan Qətərə verilənlərlə oxşar təhlükəsizlik təminatları ala biləcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Sentyabrın sonunda Trampın imzaladığı fərmana əsasən, ABŞ Qətərin ərazisi, suverenliyi və əsas infrastrukturuna edilən istənilən silahlı hücumu ABŞ-nin təhlükəsizliyinə təhlükə kimi qiymətləndirəcək. Belə hücum baş verərsə, Vaşinqton münasib tədbirlər görəcək - diplomatik, iqtisadi və lazım gələrsə, hərbi.
“Bloomberg”in həmsöhbətlərinin sözlərinə görə, şahzadə Trampdan buna bənzər bir fərman əldə edəcək və bu, Səudiyyə Ərəbistanının təhlükəsizliyini gücləndirəcək. Müzakirələrin gedişi ilə tanış olan mənbələr həmçinin bildiriblər ki, Səudiyyə Ərəbistanı ABŞ-dən F-35 qırıcı təyyarələri almaq istəyir. Agentliyin məlumatına görə, Tramp onların satışını təsdiqləyə bilər.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman noyabrın 18-də 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək.