BAKI, 14 iyun. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın İranla nüvə danışıqlarına marağı hiylə idi”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Aron Miller “Financial Times” qəzetinə deyib.
Sabiq rəsmi Vaşinqtonun İsraillə əməkdaşlıq etdiyini və İrana gözlənilən hücumdan əvvəlcədən xəbərdar olduğunu bildirib:
“ABŞ İrana hücumun olacağını bildiyi halda, Tehranla nüvə danışıqları planını bilərəkdən dəstəkləyib. Onlar bu fonda israillilərlə əməkdaşlıq ediblər və hiylə sonda işə yaradı”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natanz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
İran iyunun 14-ündə gecə saatlarında “Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib. Nəticədə, 3 nəfər hələk olub, onlarla şəxs yaralanıb.