BAKI, 14 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri İranın İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 döyüş təyyarəsini vurması ilə bağlı iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Avicay Adri mətbuat konfransında bildirib.

“İran Ordusu və rejimə aid media oraqlarının İran səmasında İsrailə məxsus qırıcı təyyarələrin vurulması ilə bağlı yaydıqları məlumat yalandır. İran rejimi həmişəki kimi yalan danışır”, - sözçü deyib.

***

16:13

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin qərbində İsrailə məxsus F-35 tipli hərbi təyyarənin vurulduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, İranın dövlət radiosu məlumat yayıb.

Məlumata görə, vurulan təyyarənin pilotu özünü katapult vasitəsilə xilas edib, lakin onun taleyi hələlik məlum deyil və bölgədə axtarış tədbirləri davam edir.

Beynəlxalq hərbi ekspertlər İran Hərbi Hava Qüvvələrini zəif olaraq qiymətləndirsələr də, İsrailin minlərlə kilometr uzaqlıqdan göndərdiyi təyyarələrə qarşı belə bir müdaxilə iddiası diqqət çəkib.

Qeyd edək ki, İran cümə günü də bir neçə İsrail təyyarəsini vurduğunu bildirmişdi, lakin İsrail həmin iddianı təkzib etmişdi.

İsrail tərəfi son hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natanz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran iyunun 14-ündə gecə saatlarında “Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib. Nəticədə, 3 nəfər hələk olub, onlarla şəxs yaralanıb.