BAKI, 20 may. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “USS Harry S. Truman” gərgin və uzunmüddətli missiyadan sonra vətənə qayıdır. Gəmi İranın Yəməndə dəstəklədiyi husilərə qarşı döyüş əməliyyatlarında iştirak edib və bir sıra insidentlərdə üç təyyarə itirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi “Business Insider”ə bildirib.

Məlumatda deyilir ki, təyyarədaşıyan gəmi Qırmızı dənizi tərk edib, hazırda Aralıq dənizində üzür. Gəminin öz doğma Norfolk limanına (Virciniya ştatı) dəqiq nə vaxt çatacağı hələlik məlum deyil.

NATO Komandanlığı bundan əvvəl “Truman” və onun zərbə qrupunun Aralıq dənizində hərbi dəniz təlimlərində iştirak etdiyini açıqlamışdı.

“Truman” 2024-cü ilin dekabrında Yaxın Şərqə gəlib və sonrakı aylarda hər biri təxminən 60 milyon dollar dəyərində olan üç F/A-18 döyüş təyyarəsinin itirilməsi də daxil olmaqla bir sıra insidentlərlə üzləşib.