
BAKI, 29 mart. TELEQRAF
Suriya prezidenti Əhməd əl-Şaraa keçid dövrü üçün Şeyx Üsamə ər-Rifaini respublikanın yeni baş müftisi təyin edib.
Teleqraf müvəqqəti dövlət başçısının ofisinə istinadən xəbər verir ki, bu qərar müsəlman ruhanilərinin Dəməşqdə keçirilən konfransı çərçivəsində üləmalarla görüşdən sonra qəbul edilib.
Bu forumda 15 ilahiyyatçıdan ibarət Fətva Şurası yaradılıb.
Məlumatda deyilir: “Prezident ona verilmiş konstitusiya səlahiyyətlərinə uyğun olaraq Ali Müftini təyin edib. Bu addım mötədil dini siyasətin aparılması və müasir reallıqlara adekvat qanunvericiliyin formalaşdırılması istiqamətində səylərin birləşməsinə kömək edəcək”.
Martın 26-da Suriya təhlükəsizlik qüvvələri respublikanın keçmiş baş müftisi Şeyx Əhməd Bədrəddin Hasunu Dəməşq Beynəlxalq Hava Limanında həbs ediblər. O, ölkədən qaçmağa çalışırmış.