
BAKI, 25 mart. TELEQRAF
İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi üzrə yeni planları təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Onun sözlərinə görə, İsrail ordusunun Cənub Komandanlığının rəhbəri general-mayor Yaniv Asor və digər hərbi rəhbərlərlə keçirilən görüşdən sonra əməliyyat planları qəbul edilib.
Katz vurğulayıb ki, əsas məqsəd HƏMAS tərəfindən girov saxlanılan israilliləri azad etməkdir: "Əgər HƏMAS girovları qaytarmaqdan imtina etsə, bunun daha ağır əvəzini ödəyəcək - torpaqlarını itirəcək, döyüşçüləri və infrastrukturu tamamilə məhv ediləcək".
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklava kütləvi hava zərbələri endirib. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı irəli sürülən təkliflərdən imtina etməsi ilə əlaqələndirib. HƏMAS isə hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni ittiham edib.