BAKI, 3 oktyabr. TELEQRAF

İş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunanlar - Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edib. Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Əliyar Abbasov 3 il sınaq müddəti olmaqla 10 il 6 ay, Xəyalə Hüseynova 2 il sınaq müddəti olmaqla 10 il 6 ay, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı və Ramal Əzimovun hər biri 2 il sınaq müddəti olmaqla 10 il, Ümid Abbasov isə 2 il sınaq müddəti olmaqla8 il 6 ay şərti cəza alıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiş 2 milyon 500 min manat dəyərindəki zərər tam ödənilib, zərərçəkmiş şəxslə barışıq əldə olunub.

Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir.

Həmçinin bir çox tikinti layihələrində təsis payı var.

İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.