
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər. Lakin hakimlər vəsatəti təmin etməyib.
Daha sonra vəkillər İntiqam Əliyevin səhhətində problemlər olduğunu deyiblər. Vəkillər İntiqam Əliyevin məhkəməyə daha əlverişli avtomobillə gətirilib-aparılması barədə vəsatət veriblər. Hakimlər bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət edəcəklərini deyiblər.
Qeyd edək ki, İ. Əliyev keçən il avqustun 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hacı Zeynalov