Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Anar Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2020-ci ilin avqustun 7-də, gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Istintaq orqanı tərəfindən Anar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.