Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Ramil İsmayılov 10 il 6 ay, Əhəd İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Sumqayıt şəhəri, 21-ci məhəllədə şəhər sakini - 1992-ci il təvəllüdlü Rasif Həbibov və 1988-ci il təvəllüdlü Samir Dadaşov bıçaqlanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Qeyd edək ki, Rasif Həbibov idmançı olub.
İstintaq orqanı tərəfində ata və oğlun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.