İmişli rayon polis şöbəsi əməkdaşını qətlə yetirən Ravil İbayevin barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, 2015-ci il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan və yandırılan 1988-ci il təvəllüdlü Muxtar Kazımzadənin meyiti tapılıb. Cinayəti İmişli rayon polis şöbəsinin polis nəfəri Ravil İbayevin törətdiyi müəyyən edilib.

Məlum olub ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli rayon polis şöbəsində sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə meyiti Xəzər rayonu ərazisinə apararaq yandırıb.

Ravil İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib. Hər iki şəxs Polis Akademiyasında qiyabi təhsil alıblar. Aprelin 17-də səhər saatlarında Muxtar Kazımzadə Ravil İbayev məxsus avtomobillə Polis Akademiyasına imtahan vermək üçün gedib.

Bundan sonra yaxınları Muxtarla əlaqə saxlamaq istəsələr də, o, telefona cavab verməyib. Günün ikinci yarısı, təxminən saat 3-4 radələrində isə Muxtarın telefonuna zəng çatmayıb.

Günün sonuna kimi Muxtardan xəbər tuta bilməyən yaxınları, gecə saatlarında Ravil İbayevin yaşadığı evə gəliblər. Ravil İbayev isə axşam saatlarında Muxtarı yaşadığı evin yaxınlığındakı parkın ərazisində düşürtdüyünü, bundan sonra onunla heç bir əlaqəsi olmadığını bildirib.

Hadisə baş verməmişdən bir neçə gün əvvəl Muxtar Kazımzadənin şəxsi avtomobilini 14 min manata satması və bundan Ravil İbayevin də xəbərdar olması, yaxınlarında İbayevlə bağlı şübhələri artırıb.

Təkrar Ravilin yaşadığı evə yollanan Muxtarın yaxınları bu dəfə də oxşar cavab alandan sonra polisə məlumat verirlər. Məlumatda qətlin Ravilin kirayə yaşadığı evdə törədildiyi və Muxtar Kazımzadənin yaxınlarının ikinci dəfə Ravilin yaşadığı mənzilə gəlişindən sonra iz itirmək məqsədilə meyiti Xəzər rayonu ərazisinə gətirilərək Ravil və başqa iki nəfər yaxın qohumunun köməyilə yandırıldığı bildirilib. Muxtarın qətli 3 il əvvəl ailə qurduğu günə, aprelin 17-nə təsadüf edib. Mərhumun bir övladı var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravil İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ravil İbayev apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək, Ravil İbayevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib və məhkəmə Ravil İbayevin cəzasını 1 il artıraraq, onun barəsində qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Bundan sonra hər iki tərəf kasasiya şikayəti veriblər. Onların şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib.Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, tərəflərin kasasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.