BAKI, 26 noyabr. TELEQRAF

“Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda Avropa İttifaqı (Aİ) ölkələri ilə əlaqələrin dərinləşdirilməsi xətti xüsusi yer tutur. İndiyədək Azərbaycanla Aİ üzvü olan bir sıra ölkələr arasında strateji tərəfdaşlıq sazişləri imzalanıb ki, bu da Avropada ölkəmizə böyük inamı ifadə edir. Bu kontekstdə Azərbaycan-Litva əlaqələrinin genişlənməsi də xüsusi vurğulanmalıdır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan-Aİ münasibətlərinin dərinləşməsinə dost Litva özünün davamlı töhfələrini verir. Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını fəal şəkildə təşviq edən ölkələrdən biridir. Noyabrın 25-də ölkəmizdə səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin fikirləri də bunu təsdiqləyir. Belə ki, Prezident İlham Əliyevlə görüşündə Kestutis Budris Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyev qarşıdakı sədrlik münasibətilə təbriklərini çatdırıb, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilən görüşləri xatırlayıb. Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq sənədlərinin olduğunu qeyd edən dövlətimizin başçısı Litva ilə münasibətlərin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaratdığını bildirib.

Millət vəkilinin sözlərinə görə, səfər çərçivəsində Azərbaycan və Litvanın xarici işlər nazirləri tərəfindən Azərbaycan Respublikası ilə Litva Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrimizin uğurlu perspektivindən xəbər verir. Bu sənəd Azərbaycan-Litva münasibətlərində mühüm mərhələni qeyd edir, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılılıq, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.

Samir Vəliyev qeyd edib ki, Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır və bu, Litva tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın enerji resursları və Avropanın enerji təhlükəsizliyində artan rolu Litva ilə əməkdaşlıq üçün əlavə zəmin yaradır. Eyni zamanda, bərpaolunan enerji sahəsində təcrübə və texnologiya mübadiləsi, yeni investisiya layihələrinin araşdırılması da gündəlikdə yer ala bilər.

Onun fikrincə, Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin iqtisadi məzmununun daha da zənginləşdirilməsi baxımından böyük önəm kəsb edir. Azərbaycanın regional nəqliyyat-logistika imkanları, enerji potensialı və investisiya infrastrukturu Litvanın Avropa bazarına çıxışı, texnoloji təcrübəsi və tranzit əlaqələrini şaxələndirmək maraqları ilə uzlaşır. İndi əsas məsələ siyasi səviyyədə əldə olunan razılaşmaların biznes dairələrinin fəallığı, qarşılıqlı investisiyalar və konkret layihələr vasitəsilə real iqtisadi nəticələrə çevrilməsidir.

“Təqdirəlayiq haldır ki, Litva şirkətləri işğaldan azad edilmiş ərazilərimizə sərmayə qoyur. Bundan əlavə, Litva Avropa İttifaqının "Team Europe" təşəbbüsü çərçivəsində Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə dəstək proqramlarında iştirak edib. Lakin Litvanın xarici işlər nazirinin qarşıdakı mərhələdə də minatəmizləmə prosesinə dəstək verməyə hazır olduqlarını bəyan etməsi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin davamlı olaraq güclənməsinin göstəricisidir” – deyə, deputat vurğulayıb.