BAKI, 26 noyabr. TELEQRAF

Noyabrın 25-də Konstitusiya Məhkəməsində Azərbaycan Prezidenti İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə təyin olunmuş hakimlərlə görüş keçirilib.

Bu barədə Teleqraf-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara uğurlar arzulayıb, hakimlik fəaliyyətinin yalnız hüquq normalarının tətbiqi ilə məhdudlaşmadığını, eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi müəyyənliyin qorunması və cəmiyyətin məhkəmə hakimiyyətinə etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Sədr hakimlik fəaliyyətinin yüksək hüquqi bilik və peşəkarlıqla yanaşı dərin məsuliyyət, prinsipiallıq, dürüstlük, qərəzsizlik və mənəvi bütövlük tələb edən şərəfli missiya olduğunu qeyd edib.

Fərhad Abdullayev çıxışında Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması, demokratik və hüquqi dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirdiyi tarixi xidmətlərinə toxunub, həmçinin diqqətə çatdırıb ki, Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya dövlətimizin hüquqi, siyasi və institusional inkişafının əsasını təşkil edərək, ölkədə demokratik idarəçilik və qanunun aliliyi prinsiplərinin bərqərar olmasına mühüm zəmin yaradıb.

Məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı islahatların əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhkəmə sisteminin institusional inkişafına, fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, məhkəmə xidmətlərinin əlçatanlığının artırılmasına, hakim korpusunun peşəkarlaşdırılmasına və vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edir. Bu islahatlar məhkəmə sistemində keyfiyyətcə yeni mərhələnin formalaşmasına, ədalət mühakiməsinin çevik, şəffaf və səmərəli həyata keçirilməsinə geniş imkanlar açır.

Sədr diqqətə çatdırıb ki, hər bir hakim qərar qəbul edərkən Konstitusiyanın və qanunların tələblərini, qanunun aliliyini, hakimin müstəqilliyini, obyektivliyini, qərəzsizliyini və vicdanlı yanaşmanı rəhbər prinsiplər kimi əsas götürməli, bu baxımdan hakimlərin yüksək peşə etikası, məsuliyyət hissi, hüquqi düşüncəsi və vətəndaşlara qarşı həssas münasibəti onların fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmalıdır.

Görüş çərçivəsində Konstitusiya Məhkəməsinin fəaliyyəti, konstitusiya icraatının xüsusiyyətləri, Plenum tərəfindən qəbul edilmiş qərarlarda formalaşdırılmış hüquqi mövqelər və onların hüquq tətbiqetmə təcrübəsində əhəmiyyəti, qərarların hüquq sistemindəki yeri, konstitusion prinsiplərin tətbiqində və hüquqi yanaşmaların formalaşmasında rolu barədə ətraflı məlumat verilib.

Sonda görüş iştirakçıları Konstitusiya Məhkəməsinin binası ilə tanış olub, xatirə fotosu çəkdiriblər.