BAKI, 26 noyabr. TELEQRAF
Azərbaycanda Çinin “China Datang Corporation Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində quruda günəş elektrik stansiyasının tikilməsi üzrə layihə üçün ayrılmış torpaq sahəsində tədqiqatlar başa çatdırılıb və texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlanıb.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “China Datang” şirkətinin sədr müavini Li Xiaofei ilə görüşündə qeyd edilib.
Görüşdə eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisi layihəsi üzrə də əməkdaşlıq məsələlərinə toxunulub. İri dəniz külək enerjisi layihələrinin inkişafı və istehsal olunacaq elektrik enerjisinin ixracı üçün yeni transsərhəd elektrik bağlantılarının əhəmiyyəti qeyd edilib.
Qeyd edək ki, tərəflər arasında görüş Çindao şəhərində “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində keçirilib.
Nazir P. Şahbazov həmçinin “PowerChina Group”un icraçı vitse-prezidenti Chen Guanfu ilə də görüşüb.
Görüşdə günəş elektrik stansiyası və Xəzər dənizinin Azərbaycan sektorunda “SOCAR Green”, “China Datang” və “PowerChina Resources Limited”in iştirakı ilə nəzərdə tutulan dəniz külək enerjisi layihələrinin icrasının cari vəziyyəti və inkişafı istiqamətində növbəti addımlar müzakirə edilib. Dəniz külək enerjisinin Azərbaycanla Avropa arasında elektrik enerjisi bağlantılarının inkişafı baxımından əhəmiyyəti qeyd olunub.