BAKI, 18 iyun. TELEQRAF

ABŞ və İran arasında imzalanması planlaşdırılan anlaşma memorandumu son həftələrdə beynəlxalq siyasətdə ən çox müzakirə olunan hadisələrdən birinə çevrilib. Onun məzmununu tərəflərin diametral şəkildə bir-birinə zidd məzmunda təfsiri isə xüsusi maraq doğurur. Üstəlik, sazişin bir neçə müddəasından açıq şəkildə narazılığını bildirən İsrailin reaksiyası, hətta Vaşinqtonun ən yaxın müttəfiqləri arasında da ciddi fikir ayrılıqlarının olmasından xəbər verir.

İlk baxışdan bu addım paradoksal təsir bağışlayır: tərəflər özlərinin tam şəkildə həyata keçiriləcəyinə inanmadıqları bir sənədi imzalamağa razılaşırlar. Lakin bu cür ziddiyyətlər müasir beynəlxalq siyasətin, demək olar ki, xarakterik müşaiyətçisidir. İndi sazişlər çox vaxt münaqişələrin yekun həlli üçün vasitə yox, vaxt udmaq, itkiləri azaltmaq və qarşıdurmanın növbəti mərhələsinə hazırlaşmaq üçün bir variant kimi seçilir.

Bu kontekstdə ABŞ və İran arasında anlaşma memorandumu barışıq aktını deyil, hərbi-siyasi, iqtisadi və daxili siyasi amillərin kombinasiyası ilə diktə olunan müvəqqəti güzəşti təmsil edir.

ABŞ strateji fasiləyə ehtiyac duyur

Donald Tramp administrasiyasını memorandumu imzalamağa sövq edən əsas amillərdən biri müəyyən daxili və xarici çətinliklər fonunda müvəqqəti fasiləyə ehtiyacın yaranmasıdır.

Ağ Ev administrasiyası İranla davam edən qarşıdurmanın gözlənilən nəticələri vermədiyi, eyni zamanda artan siyasi və iqtisadi problemlər yaratdığı vəziyyətlə üzləşib. Bu baxımdan, daxili siyasi və sosial hadisələr dövründə Vaşinqton vəziyyəti daha da gərginləşdirməmək kursunu seçir. Prezident Donald Trampın 80 illik yubileyinin qeyd olunması, ABŞ-nin müstəqilliyinin 250 illiyi ilə bağlı planlaşdırılan tədbirlər və Şimali Amerikanın 3 ölkəsində - ABŞ, Meksika və Kanada keçirilən Futbol üzrə Dünya Çempionatı fonunda daimi hərbi böhran vəziyyətinin davam etməsi heç də arzuolunan reallıq deyildi.

Lakin simvolik amillər problemin yalnız üzdə görünən tərəfidir. Ən əsası odur ki, “nə sülh, nə də müharibə” vəziyyəti ABŞ-nin beynəlxalq nüfuzuna ciddi xələl gətirməyə başlayıb. Əhəmiyyətli hərbi- texniki üstünlüyə baxmayaraq, Vaşinqton İranla müharibədə hava və raket zərbələri ilə həlledici nəticələr əldə edə bilmədi. Bundan əlavə, münaqişə genişmiqyaslı hərbi quru əməliyyatları həyata keçirmədən böyük regional dövlətə güc tətbiq etməyin mənasız olduğunu göstərdi.

ABŞ-nin hərbi-siyasi rəhbərliyi İranın yalnız hava hücumu ilə təslim edilməsinin əlçatmaz bir məqsəd olduğunu anladı. Son onilliklərin tarixi təcrübəsi göstərir ki, hətta ən genişmiqyaslı hava hücumları belə düşmənin siyasi süqutu və ya onun ərazisi üzərində nəzarət olmadan strateji qələbəni təmin edə bilməz. İrana gəldikdə isə, bunun heç biri baş vermədi.

Əksinə, xarici təzyiq İran cəmiyyətinin ölkə rəhbərliyi ətrafında daha da sıx birləşməsini şərtləndirdi. Beynəlxalq səviyyədə belə nümunələr dəfələrlə müşahidə olunub: xarici müdaxilə təhdidi vətəndaşların öz hökumətlərinə münasibətindən asılı olmayaraq əhalinin daxili səfərbərliyini gücləndirir.

ABŞ-də yaranmış daxili siyasi vəziyyət bu müstəvidə Vaşinqton üçün əlavə əngələ çevrildi. ABŞ Konqresi İrana qarşı hərbi fəaliyyəti dayandırmaq təşəbbüslərini dəstəkləməsə də, hətta Respublikaçılar Partiyasında da Ağ Evin siyasətini tənqid edənlərin sayı artır. Eyni zamanda, İrana qarşı tammiqyaslı müharibəyə başlamaq üçün Konqresin razılığının alınması ilə bağlı ciddi şübhələr yaranıb. Beləliklə, memorandum Amerika administrasiyası üçün məğlubiyyəti etiraf etmədən mövcud vəziyyəti saxlamaq və eyni zamanda daha baha başa gələn münaqişəyə sürüklənməkdən çəkinmək üçün bir yol oldu.

Neft amili qarşılıqlı güzəştin əsas elementlərindən biri kimi

Memorandumun imzalanması qərarında enerji amili xüsusi əhəmiyyətə malikdir. Hörmüz boğazının bağlanması ABŞ və İran arasındakı qarşıdurmanın ən ciddi nəticələrindən biri idi. Qlobal neft ixracının əhəmiyyətli bir hissəsi bu marşrutdan keçdiyinə görə onun daşınmasına qoyulan hər hansı bir məhdudiyyət dərhal qlobal bazarlara neqativ təsir göstərir.

Neft qiymətlərinin artması əvvəlcə ABŞ də daxil olmaqla bir çox enerji ixracatçısı üçün əlavə gəlirlər təmin etdi. Lakin bu mənfəət tezliklə bədbin reallıqla nəticələndi. Neftin dünya bazarlarında məzənnəsinin əhəmiyyətli dərəcədə yüksəlişi ABŞ daxilində də yanacağın qiymətlərinin artmasına səbəb oldu ki, bu da Amerika seçiciləri üçün olduqca həssas bir məsələdir.

Tarixən benzinin qiyməti ictimai əhval-ruhiyyəyə və mövcud hökumətin reytinqlərinə birbaşa təsir göstərir. Başqa sözlə desək, bu amil ABŞ hökumətinin reytinqini müəyyənləşdirən əsas indikatorlardan biri rolunda çıxış edir. Konqresə aralıq seçkiləri yaxınlaşdıqca, yanacaq qiymətlərinin daha da artması Donald Tramp administrasiyası üçün ciddi siyasi riskə çevrilə bilərdi.

Bundan əlavə, neft qiymətlərinin artması beynəlxalq miqyasda gözlənilməz geosiyasi təsirə də səbəb oldu. Yaranmış vəziyyətdən ən çox qazananlardan biri neft ixracından əhəmiyyətli dərəcədə əlavə gəlir əldə edən Rusiya idi. Bu fonda Rusiyanın Çin və Hindistanla enerji əməkdaşlığı gücləndi ki, bu da həm Vaşinqtonda, həm də ABŞ-nin Avropadakı müttəfiqləri arasında narahatlıq doğurdu.

ABŞ-nin Yaxın Şərqdəki tərəfdaşlarının narazılığı da Vaşinqtonun İranla münasibətlərdə güzəştə getməsini şərtləndirən amillərdən biridir. ABŞ-nin hərbi bazalarının yerləşdiyi region dövlətlərində Amerikanın raketdən müdafiə sistemlərinin effektivliyi bu müharibədə şübhə altına düşdü. İranın zərbələri ABŞ müttəfiqlərinin infrastrukturunun zəifliyini sərgiləməklə yanaşı, Vaşinqtonun onların təhlükəsizliyini təmin etmək qabiliyyəti ilə bağlı ciddi suallar doğurdu.

Nəticədə, böhranın enerji və hərbi-siyasi nəticələri ABŞ üçün potensial faydalardan daha çox problem yaratmağa başladı.

Tehranın seçimi: qələbə iddiası və resurslar uğrunda mübarizə

İrana gəldikdə isə, anşalma memorandumun imzalanması həm də praqmatik hesablamalardan irəli gəlir.

Rəsmi Tehran qarşılıqlı anlaşma memorandumunu özünün qələbəsi və ABŞ-nin öz tələblərini qəbul etdirə bilməməsinin sübutu kimi dəyərləndirir. İmzalanması planlaşdırılan sənəd Vaşinqtonun İranın müqavimətinin gücünü tanıması kimi şərh olunur.

Belə təfsir bir neçə məqsədə xidmət edir. Birincisi, bu, hakim rejimin ölkə daxilindəki mövqeyini gücləndirir. İkincisi, ABŞ və İsraili tənqid edən dövlətlər və siyasi dairələr arasında İranın nüfuzunu artırır.

Lakin, möhtəşəm bəyanatların arxasında daha praktik motivlər dayanır. Qələbə iddialarına baxmayaraq, İran xeyli insan, hərbi və iqtisadi itkilər verib. Sanksiyaların təzyiqi, dəniz ticarətinə qoyulan məhdudiyyətlər və ixrac yollarının bağlanması iqtisadi vəziyyəti xeyli ağırlaşdırıb.

Buna görə də Tehranın gərginliyi azaltmaqda obyektiv marağı var. Dondurulmuş maliyyə aktivlərinə çıxış əldə edilməsi, İrana qarşı sərt sanksiyaların heç olmasa yumşaldılması və ixrac potensialının qismən bərpası ölkədəki iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Bundan əlavə, İran rəhbərliyi nisbi sabitləşmə dövründən iqtisadiyyatın bərpası və dövlət büdcəsini doldurmaq üçün istifadə etməyə ümidlidir.

Yeri gəlmişkən, ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbirlərlə eyni vaxtda 4-9 iyulda İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimi keçiriləcək. Yas mərasimləri Tehranda başlayacaq və Əli Xamneinin cənazəsi iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində dəfn olunacaq. Bu iki mərasimin vaxt baxımından üst-üstə düşməsi heç də təsadüfə bənzəmir. İstisna deyil ki, anlaşma memorandumu ilə bağlı müzakirələrdə tərəflər bu məqamlarla bağlı xüsusi razılığa gəliblər.

Müvəqqəti möhlət və qarşıdurmanın yeni mərhələsinə hazırlıq

Memorandumun ən vacib aspekti hər iki tərəfin buna əsasən vaxt qazanmaq vasitəsi kimi baxmasındadır.

ABŞ üçün bu, beynəlxalq gərginliyi azaltmaq, neft bazarlarını sabitləşdirmək və daxili siyasi problemlərə diqqəti artırmaq üçün bir fürsətdir.

İran üçün isə bu, hərbi-texniki potensialını bərpa etmək və münaqişənin nəticələrinə uyğunlaşmaq üçün bir şansdır.

Xüsusi əhəmiyyət kəsb edən məqam, memorandumda İranın raket potensialının azaldılması tələblərinin ehtiva olunmamasıdır. Bu, Tehrana nisbi sakitlik dövründən silahlarını modernləşdirmək və zənginləşdirmək üçün istifadə etməyə imkan verir.

Qeyd edək ki, bu kontekstdə Livan məsələsi də xüsusi əhəmiyyətə malikdir. İran regional müttəfiqlərinin, ilk növbədə “Hizbullah”ın potensialını qorumaqda və bərpa etməkdə maraqlıdır. Buna görə də, memorandumun Livana zərbələrin dayandırılması ilə bağlı müddəaları Tehran tərəfindən regionda öz mövqeyini gücləndirmək üçün bir fürsət kimi qiymətləndirilir.

Maraqlıdır ki, ABŞ preizdneti İsrailin Livana yenidən zərbələr endirəcəyi halda bunun anlaşma memorandumunun pozulması kimi qəbul olunmayacağını bildirib. Bundan əlavə, Donald Tramp “Hizbullah”la mübarizədə çox təəccüblü bir variant tapıb. O, İsrailə bu qruplaşma ilə mübarizə aparmaq üçün Suriyaya imkanı verməyi təklif etdiyini açıqlayıb. Trampın iddiasına görə, hazırkı Suriya hökuməti bu problemi həll etmək üçün daha yaxşı mövqedə olacaq. Beləliklə, Amerika lideri İsrailin “Hizbullah”la müharibənin yükünü Suriyanın üzərinə qoyulmasını, İsrailin isə bu müharibənin bədəlini özündən uzaqlaşdırmasını təklif edir.

Anlaşma memorandumunu imzalamaqla, İran həm də nüvə proqramı üzrə vaxt qazanmağa çalışır. Danışıqlar prosesinin uzadılması İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı fundamental qərarların təxirə salınmasına imkan verir və Vaşinqtonun tələblərinə dərhal əməl edilməsinin qarşısını alır.

Məhz bu reallıqlar fonunda əksər ekspertlər memorandumu razılaşmanın başlanğıcı kimi yox, hər bir tərəfin danışıqlardan öz uzunmüddətli məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışdığı mürəkkəb diplomatik oyunun növbəti mərhələsi kimi qiymətləndirir.

Deməli, ABŞ və İran arasında anlaşma memorandumu sülh müqaviləsi yox, əksinə hər iki tərəf üçün dəyişmiş xərclər və imkanlar balansının inikiasıdır. Nə Vaşinqton, nə də Tehran strateji məqsədlərindən imtina etməyib. Üstəlik, hər bir tərəf özünü qalib sayır və sənədə yalnız öz maraqlarını təmin etmək üçün müvəqqəti bir vasitə kimi baxır.

ABŞ üçün memorandum daha böyük gərginliyin qarşısını almağa, daxili siyasi vəziyyətə təzyiqi azaltmağa, neft bazarlarını sabitləşdirməyə və manevr sərbəstliyini qorumağa imkan verir. İran üçün isə iqtisadi bərpa, daxili siyasi legitimliyi gücləndirmək və hərbi-siyasi potensialını qorumaq üçün imkanlar açır. Buna görə də, sözügedən sənədin əsas məqsədi yekun güzəştə nail olmaq yox, münaqişə tərəflərinin hər biri üçün zəruri olan müvəqqəti fasilə yaratmaqdır. Beynəlxalq münasibətlərin tarixi sünbut edir ki, bu cür razılaşmalar çox vaxt yalnız qarşıdurmanın iki mərhələsi arasında müvəqqəti dayanacaq rolunu oynayır.

Bu mənada, ABŞ və İran arasındakı memorandum böhranın sonu kimi deyil, tərəflərin Yaxın Şərqdə təsir uğrunda davam edən mübarizəyə və gələcək regional nizamın formalaşmasına hazırlaşmaq üçün diplomatik mexanizmlərdən istifadə olunacağı yeni bir geosiyasi qeyri-müəyyənlik dövrünün başlanğıcı kimi dəyərləndirilməlidir.

Sahil İsgəndərov, politoloq