BAKI, 5 sentyabr. TELEQRAF

“Ermənistan Türkiyə ilə sərhədlərini açmaq və diplomatik münasibətlər qurmaq üçün əlindən gələni edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Çexiyaya rəsmi səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Prezidentin sözlərinə görə, sərhəd-keçid məntəqələrində lazımi işlər görülüb və onlar insanların, malların və nəqliyyat vasitələrinin hərəkətini təmin etməyə hazırdır: “Sərhədləri açmaq və diplomatik münasibətlər qurmaq üçün əlimizdən gələni edirik. Biz təkcə Ermənistan-Türkiyə münasibətlərini inkişaf etdirməyəcək, həm də ümumilikdə regionda ümumi sülhü bərqərar edəcək bir həll yolu tapmağa çalışırıq”.

Xaçaturyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması və regional sülhün bərqərar olması kontekstində nəzərdən keçirilir. O vurğulayıb ki, Ermənistan hazırda Türkiyə ilə sərhədi açmağa hazırdır və sərhəd infrastrukturunda görülən işlər insanlara, mallara və nəqliyyat vasitələrinə xidmət göstərməyə imkan verir: “Sərhədi istənilən vaxt, o cümlədən indi açmağa hazırıq”.

Prezident qeyd edib ki, İrəvan Ermənistan-Türkiyə sərhədlərinin mərhələli şəkildə açılması ilə bağlı bir sıra təkliflər irəli sürüb:

“Diplomatik pasportu olan şəxslərin, eləcə də üçüncü ölkə vətəndaşlarının Ermənistan ərazisindən Türkiyəyə səfərlərinə icazə verilməsi ilə bağlı təkliflər vermişdik.Başqa sözlə, bir neçə ideya var və onlardan bəziləri icra mərhələsindədir. Ermənistan-Türkiyə münasibətlərinin inkişafına və ya yaxşılaşmasına qarşı çıxan heç bir tərəf yoxdur”.

Vaaqn Xaçaturyan əlavə edib ki, Ermənistan və Türkiyə arasında əlaqələrin intensivləşməsi qarşılıqlı etimadın tədricən möhkəmlənməsinə və iki ölkənin müvafiq strukturları arasında daha praktik əməkdaşlığa töhfə verir: “Əhəmiyyətlisi odur ki, getdikcə bir-birimizə daha çox etibar edirik. Türk tərəfdaşlarımızla danışa bilməyimiz, əlaqələrimizi gücləndirməyimiz və onları daha konkretləşdirməyimiz vacibdir”.