BAKI, 5 sentyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Serbiya Prezidenti Aleksandr Vuçiçin dəvəti ilə sentyabrın 7-8-də Belqrada rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyəli danışıqlar və iki ölkənin rəsmi şəxsləri və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçiriləcək.
Danışıqların gündəliyinə Özbəkistan və Serbiya arasında çoxşaxəli tərəfdaşlığın daha da gücləndirilməsi məsələləri də daxildir.
Ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, nəqliyyat, maşınqayırma, yüngül və qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq və informasiya texnologiyaları kimi prioritet istiqamətlərdə birgə layihələrin icrasına xüsusi diqqət yetiriləcək. Həmçinin müntəzəm əmək miqrasiyası sahəsində əməkdaşlığın qurulması, regionlararası və mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə olunacaq.
Yekunda hökumətlərarası və qurumlararası sazişlərin imzalanması gözlənilir.