BAKI, 5 sentyabr. TELEQRAF
“Ermənistan qonşuları ilə qarşılıqlı etimad formalaşdırmalı, problemləri mümkün qədər vasitəçilərsiz həll etməli və birgə regional layihələr həyata keçirməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Çexiyaya rəsmi səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
O hesab edir ki, bu yolla regionda uzunmüddətli sülhü təmin etmək mümkündür:
“Regionumuzda gələcəkdə nələrin baş verə biləcəyinə nəzər salanda, əgər əlavə problemlər yaranmasa və biz öz məsələlərimizi qonşularımızla vasitəçilik olmadan özümüz həll etməyə çalışsaq, əminəm ki, nə olur-olsun, uğur əldə edəcəyik”.
Xaçaturyanın sözlərinə görə, hazırda regionda yeni reallıq formalaşıb, sülh və əməkdaşlıq üçün zəruri imkanlar, istək və hazırlıq mövcuddur:
“İndi tamamilə fərqli vəziyyətdir, imkanlar, istək və hazırlıq var. Biz özümüz qonşularımızla qarşılıqlı etimad formalaşdırmağı və birgə layihələr həyata keçirməyi bacarmalıyıq. Mən həm TRIPP-i, həm də gələcəkdə enerji və digər birgə layihələri nəzərdə tuturam. Bunlar yalnız ayrı-ayrılıqda ölkələrimiz üçün deyil, bütün region üçün faydalı olacaq”.
Vaaqn Xaçaturyan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması vacibdir: “Bu yanaşma təkcə Türkiyəyə yox, Azərbaycanla münasibətlərə də aiddir”.
Prezident Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün hər şeyi etməyə çalışdığını vurğulayıb: “Gəlin bu gün sahib olduğumuz şeylərə dəyər verək. Əlbəttə, qonşu ölkələrlə tam iqtisadi-siyasi münasibətlər qurmaq üçün hər şeyi edəcəyik”.
Xatırladaq ki, Ermənistan Prezidenti sentyabrın 2-4-də Praqada rəsmi səfərdə olub.