BAKI, 5 sentyabr. TELEQRAF

“Azərbaycanla sülhün bərqərar olması Ermənistan hökumətinin ən vacib vədidir və Baş nazir Nikol Paşinyanın xalqdan bunu həyata keçirmək üçün mandatı var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan “The Wall Street Journal”a açıqlamasında ABŞ-nin iqtisadi-texnoloji təkliflərinin Ermənistan-Azərbaycan sülh razılaşmasının əldə edilməsi prosesindəki rolu haqda media iddiasını şərh edərkən deyib.

Həmçinin o qeyd edib ki, ötən ilin avqust ayında Vaşinqtonda imzalanmış ikitərəfli sənədlər, o cümlədən yarımkeçiricilər və süni intellekt üzrə anlaşma memorandumu Ermənistan üçün sülh nəticəsində yaradılan mühüm imkanlardır.

Sözügedən nəşr bundan əvvəl yazmışdı ki, ABŞ Azərbaycanla sülh sazişinin imzalanması müqabilində Ermənistana “Nvidia” çiplərinin tədarükünə icazə vədi verib.