BAKI, 10 mart. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan İrana humanitar yardım - 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar göndərdi.

Bu yardımın göndərilməsində ilk olaraq iki məqam diqqət çəkir.

Birinci məqam: Azərbaycanın yardımı İranın Naxçıvana dron hücumları fonunda edilib.

Əslində Bakıda humanitar yardımın edilməsi qərarı daha öncədən verilib. Prezident İlham Əliyev İran səfirliyini ziyarət edərək, mərhum ali dini lideri Əli Xameneinin ölümü ilə bağlı başsağlı verdikdən sonra yardımın ediləcəyi planlaşdırılırdı. Lakin İrandan Naxçıvana dron hücumu bu məsələni təxirə saldı. Daha sonra Pezeşkian və Əliyev arasında telefon danışığı münasibətlərin böhran həddinə çatmasının qarşısını aldı. Görünür, liderlər Naxçıvana hücumla bağlı Azərbaycanın hadisənin araşdırılması və günahkarların cəzalandırılması tələblərinin nəzərə alınacağı ilə bağlı razılaşıb. İranın Naxçıvana dron hücumu etməsinə baxmayaraq, Azərbaycanın yardım addımı Bakının ənənəvi humanitar siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

İkinci məqam: İranda müharibənin başlanmasından sonra bu ölkəyə humanitar yardım edən ilk ölkə Azərbaycan oldu.

Bunu İranın nə müttəfiqi hesab etdiyi ölkələr, nə də bölgədə zaman-zaman maraqlarını müdafiə etdiyi Ermənistan yox, məhz Azərbaycanın etməsi təsadüfi deyil.

a) Azərbaycan qonşuluq prinsiplərinə daim sadiqdir;
b) Azərbaycan humanizm prinsiplərini siyasi maraqlara uyğunlaşdırmır;
c) İrandan hər nə qədər ölkəmizə qarşı xoşagəlməz hücumlar edilsə də, Azərbaycan sözün gerçək mənasında, dar günün dostudur;

Hər şeyə rəğmən, Bakıdan göndərilən yardımı bu cür oxuya bilərik.

Azərbaycan bununla İrana təkcə diplomatik jest etmir, məsələnin daha dərin kökləri var. Axı Arazın o tayında milyonlarla soydaşımız yaşayır və müharibə həm də onların həyatını çətinləşdirib. Bu baxımdan, Bakıdan Tehrana göndərilən yardım maşınları milyonlarla soydaşımız üçün ümid karvanıdır. Və bunun həm müharibənin davam etdiyi mövcud şərtlərdə, həm də gələcəkdə mühüm nəticələri olacaq.

1. İran ərazisində yaşayan milyonlarla soydaşımız yalnız buraxılmadıqlarını, qonşuda onları daim düşünən bir gücün olduğunu hiss edirlər.
2. İranda illərdir azərbaycanlıların ictimai rəyinə daxil etməyə çalışdıqları “Azərbaycan düşməndir, Azərbaycan İrana qarşı müharibədə iştirak edir” iddiaları alt-üst olur.
2. Bu, təkcə hazırki müharibədə yox, gələcəkdə də Cənubda anti-Azərbaycan mövqeyinin yaradılması cəhdlərinə qarşı həm ən gözəl cavabdır, həm də soydaşlarımızın belə cəhdlər qarşısında arqumentlərini gücləndirməyə xidmət edən faktdır.

Bu baxımdan, Azərbaycandan göndərilən yardım yalnız qonşu dövlətə edilən humanitar dəstək deyil, eyni zamanda, müharibə və böhran şəraitində yaşayan azərbaycanlılara mənəvi dayaqdır. Rəsmi Bakı göstərdi ki, harada yaşamasından asılı olmayaraq, çətin günlərdə soydaşlarına dəstək olmaq Azərbaycan dövlətinin dəyişməz prinsipidir.

Təbii ki, mövcud şərtlərdə Azərbaycanda göndərilən yardım İranda Bakıya qarşı əsassız mövqe formalaşdırmağa çalışanları susduracaq. Çünki Azərbaycan heç vaxt İrana qarşı platforma olmayıb, müharibə başlayandan dərhal sonra bu, rəsmi təmaslarla Tehrana çatdırılıb. Buna rəğmən, əsassız ittihamların hədəfinə də çevrilib. Rəsmi Bakı humanitar yardımla İran müharibəsindəki mövqeyini bir daha əyani şəkildə nümayiş etdirdi.

İrana göndərilən yardım Azərbaycanın qlobal humanitar missiyasının da tərkib hissəsidir. Təbii fəlakətlərdən zərər çəkən ölkələrə yardım, pandemiya dövründə müxtəlif dövlətlərə göstərilən dəstək, eləcə də regional böhranlarda humanitar təşəbbüslər rəsmi Bakının bu sahədə prinsipial mövqeyini ortaya qoyur. İndi İran xalqının ehtiyacı var və Azərbaycan qlobal missiyasını davam etdirir.

Burada Bakının siyasi konyuktura güdmədən, insan faktoruna verdiyi önəm xüsusilə diqqət çəkir. Azərbaycan göstərir ki, gərginlik və qarşıdurma şəraitində belə humanizm prinsiplərindən geri çəkilmir. Dövlətlərin siyasi münasibətləri dəyişə bilər, lakin mülki insanların taleyi heç bir halda siyasi hesabların qurbanına çevrilməməlidir.

Bütün bunların fonunda Azərbaycan regionda məsuliyyətli və sabitlik tərəfdarı olan dövlət mövqeyini də ortaya qoydu. Müharibələr, maraq savaşları, siyasi çıxarlar uğrunda mübarizə davam etdiyi vaxt regional sabitliyin qorunması missiyasını üzərinə götürən qüvvə lazımdır. Azərbaycan məhz bu missiyanın altına girir.