AĞDAM, 21 iyun. TELEQRAF

Azərbaycan akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.

Teleqraf-ın Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, səfərin son mərhələsində diplomatlar Ağdam Sənaye Parkı və “Eel Electric” şirkətinin elektrik yuvaları və elektrik avadanlıqları istehsalı müəssisəsinə yollanıblar.

Qonaqlara sənaye parkının ümumi konsepti, burada yaradılan infrastruktur və investorlar üçün təqdim olunan imkanlar barədə ətraflı məlumat verilib. Diplomatlar “Eel Electric” müəssisəsində istehsal prosesi ilə yerində tanış olub, məhsulların yerli və xarici bazarlara çıxarılması ilə bağlı planlar barədə məlumat alıblar.

Səfər zamanı nümayəndə heyəti işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərini yüksək qiymətləndirib və Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımları təqdir etdiklərini bildiriblər.

Səfərin sonunda diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksindən Bakıya yola salınıblar.

***

15:35

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Ağdama səfər çərçivəsində Ağdam Muğam Mərkəzi və İmarət Kompleksində olublar.

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlara Muğam Mərkəzinin inşası və Azərbaycanın qədim musiqi növü olan muğamla bağlı məlumat verilib.

Onlar İmarət Kompleksinin tarixi və yenidən qurulması ilə bağlı məlumatlandırılıblar. Bildirilib ki, indiyədək burada 213 qəbirin mövcudluğu məlumdur. Onlardan 18-i türbənin içindədir. Əksər hallarda bu qəbirlərin kimə məxsus olduğu bilinmir, çünki tamamilə dağıdılıblar. Qonaqların diqqətinə çatdırılıb ki, hazırda yerli sakinlər bu məsələni araşdırır, qohumlarla birlikdə kimə aid olduğunu müəyyən etməyə çalışırlar. Buna görə də bəzən kimə aid olduğu bilinməyən qəbirlərin yerində müasir başdaşıları qoyulub.

***

13:51

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb.

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatlar Ağdam Muğam Mərkəzi, İmarət Kompleksi və Ağdam Sənaye Parkını gəzəcəklər.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub. Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100-ə yaxın diplomat iştirak edir.

Qonaqlar bu gün öncə Şuşaya, ötən gün isə Laçına səfər ediblər.