BAKI, 27 noyabr. TELEQRAF
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycana səfərə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, bu gün Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.
“Bu, iki ölkə arasında əlaqələrin inkişafını əks etdirən mühüm mərhələdir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımızın dərinləşdirilməsini, regional və Avropa təhlükəsizliyinin gücləndirilməsini müzakirə etmək üçün Prezident İlham Əliyev və həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri səbirsizliklə gözləyirəm”, – deyə Tsaxkna qeyd edib.
Qeyd edək ki, Azərbaycan və Estoniya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. Estoniyanın Bakıdakı səfirliyi bu il martın 1-dən fəaliyyət göstərir.