BAKI, 27 noyabr. TELEQRAF

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilatın fəaliyyəti ilə bağlı aparılan araşdırma çərçivəsində ABŞ Konqresində ifadə verməyə çağırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsində təmsil olunan demokratlar FİFA-nın bir sıra hazırkı və keçmiş əməkdaşlarına ifadə vermələri üçün müraciət ediblər.

Araşdırma İnfantinonun təşəbbüsü ilə irəli sürülən və uğursuzluğa düçar olan “FIFA Forward Enterprise” (FFE) layihəsini, eləcə də FİFA ilə ABŞ Prezidenti Donald Trampın administrasiyası arasındakı əlaqələri əhatə edir.

Könüllü ifadələrin alınmasına gələn həftə başlanıla bilər. Yanvarın ikinci həftəsindən etibarən isə İnfantino da daxil olmaqla bir sıra şəxslərə rəsmi çağırış vərəqələrinin göndəriləcəyi ehtimal olunur.

Araşdırma çərçivəsində şahidlərdən FFE layihəsi və FİFA-nın fəaliyyəti ilə bağlı digər mübahisəli məsələlər barədə məlumat və sübutların təqdim edilməsi tələb oluna bilər.

Ağ Ev daha əvvəl oxşar iddiaları siyasi motivli adlandıraraq rədd edib. FİFA isə nəşrin sorğusuna hələlik cavab verməyib.

Qeyd edək ki, FİFA noyabrın 26-da şəxsi və xidməti məlumatların oğurlanması ilə nəticələnən kiberhücuma məruz qaldığını da təsdiqləyib.