BAKI, 18 may. TELEQRAF

Bakı şəhəri özündə orijinallıqla müasirliyin, həmçinin irsi ilə gələcəyə yönəlmiş şəhər inkişafı baxışının harmoniyasını əks etdirən nümunəvi bir şəhərdir.

Teleqraf xəbər verir ki, bu barədə Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlər Sammiti zamanı bildirib.

“Bakıda keçirilən 13-cü Dünya Şəhər Forumunun bu mühüm BMT tədbiri çərçivəsində toplaşdığımız bu an münasibətilə Prezident Ilham Əliyevə, dost Azərbaycan Respublikasına və onun xalqına bu forumun Bakıda yüksək səviyyədə təşkilinə görə səmimi təşəkkür və dərin minnətdarlığımızı bildiririk.

Bu ilki Forumun mövzusu sadəcə beynəlxalq tədbirin adı deyil, eyni zamanda şəhərlərin gələcəyini yenidən düşünmək və təhlükəsiz, ləyaqətli və dayanıqlı mənzil hüququnu təmin etmək üçün qlobal bir çağırışdır.

Bu gün dünya milyardlarla insanı əhatə edən dərinləşən mənzil böhranı ilə üz-üzədir. Sosial bərabərsizliklərin artması, iqlim dəyişikliyinin təsirləri, sürətli urbanizasiya və miqrasiya prosesləri bu problemi daha da kəskinləşdirir. Buna görə də mənzil artıq dar bir məsələ deyil, sabitlik, inkişaf və cəmiyyətin təhlükəsizliyi üçün əsas sütunlardan birinə çevrilib”, - deyə o qeyd edib.

O əlavə edib ki, Liviya daha dayanıqlı, inklüziv və ədalətli şəhərlərin qurulmasının əhəmiyyətini tam şəkildə anlayır:

“Biz balanslı şəhər inkişafı siyasətlərini dəstəkləyir, dayanıqlı şəhər planlaşdırmasını təşviq edir, infrastruktur və əsas xidmətlərin yaxşılaşdırılması üzərində işləyirik. Eyni zamanda yerli idarəetmənin gücləndirilməsinə, bərpa və yenidənqurma səylərinə dəstək verilməsinə və milli kimliyi qoruyan, eyni zamanda müasir inkişaf tələblərinə cavab verən şəhər icmalarının qurulmasına xüsusi önəm veririk.

Son illərdə Liviyada yenidənqurma prosesləri ölkənin şimalında, cənubunda və şərqində ciddi irəliləyişlərə səbəb olyb. Xüsusilə daşqınlardan sonra bəzi şəhərlərdə və münaqişələrdən təsirlənmiş qərb bölgələrində bərpa işləri həyata keçirilmişdir. Bu proses ölkədə sabitliyin möhkəmlənməsi ilə mümkün olub.

Bu cür beynəlxalq görüşlər və tədbirlər UN-Habitat tərəfindən koordinasiya olunur və 2026-cı ildə — istər burada, istər Nairobidə, istərsə də Çində keçirilən müzakirələr qlobal dialoqun davam etdirilməsinin və tövsiyələrin konkret siyasət və layihələrə çevrilməsinin vacibliyini bir daha göstərir.

Bu platformadan çıxış edərək, Liviya təhlükəsiz, dayanıqlı və dəyişən iqlim və iqtisadi çağırışlara cavab verə bilən şəhərlərin qurulmasına yönəlmiş bütün beynəlxalq səylərə tam dəstəyini bir daha ifadə edir”.