BAKI, 18 may. TELEQRAF

Bu gün dünyada 3 milyard insan hələ də uyğun olmayan şəraitdə ömür sürür, 1 milyarda yaxın şəxs isə gecəqondularda yaşayır.

Teleqraf xəbər verir ki, bu barədə Mavriki Prezidenti Daramber Qoxul Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı zamanı bildirib.

O, dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

D.Qoxul hazırda yer üzündə bəşəriyyəti narahat edən mənzil böhranına toxunaraq qlobal statistikaya diqqət çəkib.

Prezident qeyd edib ki, bu gün dünyada 3 milyard insan hələ də uyğun olmayan şəraitdə ömür sürür, 1 milyarda yaxın şəxs isə gecəqondularda yaşayır:

"Bu, bənzəri olmayan humanitar problemdir. İştirak etdiyimiz platforma qlobal çağırışlara qarşı tərəfdaşlıq əlaqələrinin qurulması, həmçinin effektiv təcrübələrin qarşılıqlı bölüşülməsi üçün unikal fürsətdir”.

Mavrikinin torpaq qıtlığı və dəniz səviyyəsinin yüksəlməsi kimi ciddi iqlim təhdidləri ilə üzləşdiyini deyən rəsmi qonaq, ölkəsində 2040-cı ilə qədər olan dövrü əvəz edən yeni şəhərsalma strategiyasının reallaşdırıldığını bildirib.

O, aztəminatlı təbəqə üçün ekoloji mənzillərin inşasını genişləndirdiklərini və şəffaflıq naminə torpaq qeydiyyatını tamamilə elektronlaşdırdıqlarını diqqətə çatdırıb.

Çıxışının sonunda Azərbaycanın şəhərsalma sahəsindəki fəaliyyətini yüksək qiymətləndirən D.Qoxul, xüsusilə Bakı Ağ Şəhər layihəsini və Ağdamın Baş planını qlobal miqyasda nümunəvi addımlar kimi xarakterizə edib.