Al-əlvan rənglər, göz oxşayan biçimlər... Xalqın tarix və mədəniyyətinin bir hissəsini milli geyimlər təşkil edir. Elə paytaxtımızda fəaliyyət göstərən Bakı Milli Geyim Evində tikilən libaslar da insanı bir anlıq keçmişə aparır.

Ənənədən gələcəyə

Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli bu tikiş evinin yaranmasından danışdı: “Əvvəllər bura yayım evi kimi fəaliyyət göstərirdi. Burda bir neçə jurnal çıxırdı. Bir dəfə “Sara Xatun” qadın jurnalında xanımlar üçün xüsusi buraxılış hazırlamaq qərarına gəldik. Düşündük ki, ziyalı, millət vəkili olan, jurnalistika sahəsində çalışan xanımların milli geyimlərdə foto-sessiyasını çəkib jurnalın 1 nömrəsini ona həsr edək. 2007-2008-ci illər idi.

O vaxtlar milli geyimlər geniş yayılmamışdı. Kimdəsə 2-3 kolleksiya ola-olmaya... Müxtəlif yaş dövrü üçün milli paltar tapa bilmədik. Muzeylərdən götürmək mümkün deyildi, çünki orada xüsusi eksponatdı deyə toxunmaq olmazdı. Düzdü, bir neçə modelyerin milli geyimi vardı, amma onlara tam milli libas demək düz deyildi. Elə oldu, həmin nömrə hazırlanmadı, qadın jurnalını da bağladıq”.

Həmsöhbətimin sözlərinə görə, həmin ərəfədə milli geyimlərimizin kütləvi təbliği və yayılması vaxtının çatdığını düşünüb: “Araşdırdıq, Mədəniyyət və Turizm Nazirliyi danışdıq, məsləhət aldıq. Beləliklə, 2009-cu ildə Bakı Milli Geyim Evi yarandı. Bir il ərzində 300-ə yaxın milli geyim hazırladıq. Qarabağ, İrəvan, Borçalı, Bakı və digər bölgələrin geyimlərini tikməyə başladıq.

İpək, gülməxmər, məxmər kimi tarixən həmin geyimlərin tikilişinə lazım olan parçalardan istifadə etdik. Həmin vaxt mənə sual verirdilər ki, niyə məhz Bakı Milli Geyim Evi?

Cavabında deyirdim ki, biz bütün bölgənin geyimlərini hazırlayırıq, amma sonda adda “Bakı” sözünün olmasını istədim. 7 ildən çoxdur fəaliyyətimizi dayandırmadan ənənədən gələcəyə körpü salırıq....”

Ölkədən kənarda

Çində, Amerika Birləşmiş Ştatlarında, Avropada, ərəb ölkələrində, Türkiyədə, Rusiyada milli libaslarımız sərgilənib.

Könül Vəlibəyli deyir ki, Bakı Millim Geyim Evi yarandığı gündən böyük sevgi ilə qarşılayanlar da, qisqanc yanaşanlar da olub: “Min bir əziyyətlə, məhdud maddi imkanlar hesabına milli geyim ərsəyə gətiririk. Özümüz iştirak etməsək də, geyimlərimiz xarici sərgilərdə nümayiş etdirilir. Milli geyimə ehtiyacı olanlar rahatlıqla onu bizdən əldə edə bilərlər.

Xarici İşlər Nazirliyi, digər qurumlar, universitetlər qonaqlarını bizim geyim evinə gətirirlər ki, xalqımıza məxsus libasları onlara təqdim edək”.

Hər bölgənin öz geyimi

Milli Geyim Evi Azərbaycanın bütün bölgələrinə məxsus libaslarını dünyada tanıtmağa, təbliğ etməyə çalışır. Könül Vəlibəylinin sözlərinə görə, tarixi geyimlərdə bölgə xüsusiyyətləri olduğu kimi saxlanır: “Sadəcə, sifarişlə olan geyimlərdə kəsimi saxlamaqla rəngləri sintez edirik. Məsələn, bir bölgənin naxışı ilə başqa bir bölgənin naxışını birləşdiririk. Yalnız sərgilər üçün geyim təqdim edəndə hər bir element orijinalda olduğu kimi qalır.

Əslində hər bölgənin geyimlərinin qorunub saxlanması çox önəmlidir. Bakı ilə Şamaxı-Şirvan zonasının geyimləri çox oxşardır. Naxçıvan-İrəvan zonasının geyimləri daha praktik olub. Hər bölgənin geyimlərini təhlil etsək, görərik ki, necə böyük zənginliklə qarşı-qarşıyayıq.

Geyimlərimiz həmişə xalça üzərində işlənib. Bizim millətin xanımları həmişə bər-bəzəyə üstünlük verib”.

Hər moda evində milli geyim tikildiyini deyən həmsöhbətim əlavə edir ki, bu sahədə rəqabət elə də güclü deyil: “Düzdür, biz balaca qurumuq. Amma rəqibimiz yoxdur. Rəqabət yaxşıdır, onda yeni nailiyyətlərə stimul yaranır.

Geyimlərimizi ilbəil yeniləyirik. Hər ilin mart ayında “Ənənədən gələcəyə” adlı sərgimiz açılır. Bu il Dənizkənarı bulvarda Novruz bayramı şənliyində 50-yə yaxın milli geyim sərgilədik. Ötən il sərgilədiyimiz geyimi bu il kolleksiyaya çıxarmırıq. Baxıram ki, bir çox moda evi bizdən o qədər geyimlər götürüb hazırlayıblar.

Parçanı, naxışı dəyişirik, kəsim olduğu kimi qalır. Çox sevilən, tələb olunan kəsimlərimiz də var ki, onları biz özümüzdə saxlayırıq”.

Tapılmayan parçalar

Tikiş evinin rəhbəri deyir ki, çətinlikdən biri də parçaların əldə edilməsidir: “Təəssüf ki, son 2 ildə bəzi parçaları əldə edə bilmirik. Əsasən Dubaydan, Hindistandan gətirilən parçalar idi. Həmin ölkələr artıq naxışlarını özlərinə uyğun hazırladıqları üçün biz onlardan istifadə edə bilmirik. Hazırda parçaların əksəriyyətini Türkiyədən əldə edirik”.

Könül Vəlibəyli bildirdi ki, bir qadın üçün milli geyimə 10-12 metrə yaxın parça lazım olur: “Burada satılan libasların qiymətləri fərqlidir. Məsələn, yaxşı parçada daş-qaşlı geyimlər bahadır. Amma bu gün 150-200 manata milli geyim əldə etmək olar. Bu, sadəcə parçanın qiymətidir. Geyim neçəyə başa gəlirsə, biz təxminən həmin qiymətə satırıq ki, müştəri onu ala bilsin.

İrad tuturlar ki, milli geyimləri ucuz təklif edirsiz. İzah verirəm ki, tikişin, bəzəyin pulunu istəmirik. Müştəriyə başa sala bilmirsən ki, qiymətlər qalxıb. Keçən il 200 manata olan paltari biz 400 manata sata bilmirik. Aşağı qiymət qoyuruq ki, alınsın”.

“Onlar milli geyim deyil”

Bakı Milli Geyim Evinə daha çox Novruz bayramında, çərşənbələrdə müraciət olunur.

Könül Vəlibəyli xınayaxdılarda başqa ölkə xalqlarının libaslarının milli geyim adı ilə təqdim olunmasından da danışdı: “Son zamanlar qız toyları xınayaxdılarla əvəz olunur. Xınayaxdı təşkilatlarının sayı artdığı üçün mərasimə aid geyimləri ucuz gətirməyə çalışırlar.

Türkiyənin xınayaxdısında geyimləri bizim milli geyimlər kimi qızlarımıza geyindirirlər ki, ucuz başa gəlsin. Türkiyə ilə qardaş xalqıq, amma geyimlərimizdə fərqlər var”.

Əl işi

Geyim evinin tikişçisi Banu Abdullayeva deyir ki, daha çox gecə geyimləri üzərində naxışlar edir: “Milli geyimlərimizin hamisi əl işidir. Modern geyimlərə, gündəlik libaslara da naxış vururuq. Müştərilər zövqlərini, istəklərini bizə buraxsalar biz onlara gözəl geyimlər hazırlayırıq”.

Könül Vəlibəylinin sözlərinə görə, onlara daha çox xaricilər müraciət edirlər: “Kiçik bir şey də olsa, mütləq nəsə alıb aparırlar. Hətta bir dəfə bir ingilis bizdən paltar almışdı. Sonra təsadüfən şəhərdə həmin paltarı geyib gəzdiyini gördüm.

Çalışırıq istər kişi, istər qadın geyimlərini daha praktikləşdirək ki, gündəlik geyinsinlər. Hər şeyin ucuzuna qaçmaq lazım deyil. Milli brendi formalaşdırmağı bacarmalıyıq.

Deyim ki, son zamanlar kəlağayı dəbə qayıdıb. Əvvəllər harasa gedəndə şəxsi büdcəmdən 150-yə yaxın kəlağayı alırdım. Hamıya hədiyyə edirdim. Məqsədim kəlağayını populyarlaşdırmaq idi...”

İlhamə ƏBÜLFƏT

FOTO: Elçin MURAD