BAKI, 28 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi tərəfindən Qəbələ şəhərində yerləşən Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşları üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərdə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzinin, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzular ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.