BAKI, 4 sentyabr. TELEQRAF

PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri sentyabrın 8-də saat 11:30-da ictimaiyyətə açıqlanacaq.

Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.

O qeyd edib ki, PISA tədqiqatının nəticələri 2022-2026-cı illər üzrə Sosial-iqtisadi inkişaf strategiyasında ümumi təhsil sahəsində aparılan islahatların əsas keyfiyyət göstəricilərindən biri kimi müəyyənləşdirilib.

“Strategiyada PISA tədqiqatının nəticələri üzrə orta hesabla 20 bal irəliləyiş hədəf olaraq müəyyən edilib.
PISA 2018 tədqiqatında Azərbaycan yalnız Bakı şəhəri üzrə təmsil olunduğundan, PISA 2025 nəticələrinin qiymətləndirilməsində əsas müqayisə meyarı Bakı üzrə göstəricilər olacaq.
PISA 2025 tədqiqatında Azərbaycandan 7 432 şagird iştirak edib. Tədqiqat ölkənin müxtəlif iqtisadi rayonlarını əhatə edib”,- nazir müşaviri vurğulayıb.