BAKI, 4 sentyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Füzuli rayonunun 1 Nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.
Yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində çənin nömrəsi, çəndə saxlanılan neft məhsulunun adı və markası, maksimal doldurulma hündürlüyü və baza hündürlüyünü göstərən lövhənin olmadığı, texniki pasport hazırlanmadığı və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi, çənlərin texniki təhlükəsizlik ekspertizasından keçirilməklə sertifikatlaşdırılmadığı, çənlərin saxlandığı ərazidə ildırımötürücü qurğunun vəziyyətinin yoxlanılmadığı və müqavimətinin ölçülmədiyi, yanacaqdoldurma məntəqəsinin texniki sazlığına və təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi, yanacaqdoldurma məntəqəsinin fəaliyyət növünə uyğun olaraq lisenziya alınmadan istismar olunduğu, məntəqənin texniki təhlükəsizlik bəyannaməsinin olmadığı, həmçinin məntəqədə baş verə biləcək qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər planının hazırlanmadığı, təhlükə potensiallı qurğu və avadanlıqların istismarı ilə məşğul olan bir nəfər operatorun attestasiyadan keçirilmədiyi müəyyən edilib.
Aşkarlanmış pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.