BAKI, 4 sentyabr. TELEQRAF

Bu gündən 2026/2027-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verildi.

Teleqraf xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müraciət üçün son tarix 10 sentyabr, saat 18:00-dır.

"Müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər.

Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alanlar istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. İlk peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsi üzrə tədris ilinin birinci kursunu bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.

Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://e-qanun.az/framework/55807", - məlumatda qeyd olunub.