BAKI, 4 sentyabr. TELEQRAF

107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsahibə sayı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, "YAŞAT" Fondu ilə iş şöbəsi, baş məsləhətçi (1 vakant yer üzrə 63 namizəd), Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Dövlət qulluğu və insan resurslarının idarə edilməsi şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 42 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 14 sentyabr – 29 oktyabr 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

"Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur", - məlumatda bildirilib.