BAKI, 3 sentyabr. TELEQRAF
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.
"Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, növbəti mərhələdə müsabiqənin nəticələrinə uyğun olaraq, dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili təmin ediləcək. Eyni zamanda maliyyələşmə müqavilələri çərçivəsində həmin müəssisələrin fəaliyyətinin monitorinqi həyata keçiriləcək.