BAKI, 3 sentyabr. TELEQRAF

Ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, aşkar edilən nöqsanlar əsasən müxtəlif məhsul növlərinin satışı üçün müvafiq şəraitin yaradılmaması və bazarlarda kifayət sayda piştaxta, rəf və digər zəruri avadanlıqlarla təchiz olunan zonaların ayrılmaması ilə bağlıdır.

"Eyni zamanda, süd və süd məhsulları, ət və ət məhsulları, habelə digər tez xarab olan riskli məhsulların saxlanılması üçün lazımi sayda soyuducu və dondurucu avadanlıqların mövcud olmaması, qida ilə təmasda olan səthlərin, xüsusilə piştaxtaların asan təmizlənən və korroziyaya davamlı materialdan hazırlanmaması kimi nöqsanlar müəyyən edilib.

Nəzarət tədbirləri zamanı həmçinin qida məhsullarının satışı ilə məşğul olan şəxslərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, şəxsi gigiyena qaydalarına riayət etmədiyi və sanitar geyimlə təmin olunmadığı, habelə heyvan mənşəli məhsulların müvafiq müşayiətedici sənədlərinin və məhsulların izlənilməsini təmin edən etiket məlumatlarının olmadığı aşkarlanıb.
Nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə bazar rəhbərlərinə müvafiq göstərişlər verilib", - məlumatda vurğulanıb.