BAKI, 4 sentyabr. TELEQRAF
“Bu tədqiqatın əsas məqsədi məktəb dövrünün sonuna yaxınlaşan 15 yaşlı şagirdlərin əldə etdikləri bilikləri praktikada necə tətbiq edə bildiklərini qiymətləndirməkdir”.
Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.
O bildirib ki, Azərbaycan 2029-cu ildə keçiriləcək növbəti PISA tədqiqatında iştirak edəcək.
“Burada əsas məqsəd ölkənin təhsil sisteminin göstəricilərini öyrənmək, anlamaq və əldə olunan nəticələr əsasında hansı tədbirlərin görülməli olduğunu, hansı inkişaf ehtiyaclarının mövcudluğunu müəyyənləşdirməkdir.
Bu, dünyanın ən böyük beynəlxalq təhsil tədqiqatlarından biridir. Təxminən 760 min şagird bu tədqiqatda iştirak edib və onların nəticələri 91 ölkənin təhsil sisteminin qiymətləndirilməsi üçün istifadə olunub.
Azərbaycan üçün xüsusilə əhəmiyyətli məqam ondan ibarətdir ki, tədqiqat yalnız şəhər məktəblərini deyil, kənd məktəblərini də əhatə edir. Beləliklə, ölkənin müxtəlif bölgələrində və fərqli sosial-mühit şəraitində təhsil alan şagirdlərin bacarıqları haqqında daha geniş məlumat əldə etmək mümkün olur.
Azərbaycanda tədqiqata ümumilikdə 241 məktəb cəlb olunub. Onlardan 154-ü şəhər, 87-si isə kənd məktəbidir. İştirakçı şagirdlərin 52 faizini oğlanlar, 48 faizini isə qızlar təşkil edib”,- E.Əliyev vurğulayıb.