BAKI, 27 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qəbələ şəhərində tikilməkdə olan istirahət və əyləncə mərkəzinin, otel kompleksinin, müxtəlif növ içkilərin istehsalı zavodunun və rayon ərazisindəki meşə zolağında fəaliyyət göstərən iaşə obyektlərinin əməkdaşları üçün yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumatlar verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.
Tədbirlərdə, eləcə də ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.