BAKI, 27 avqust. TELEQRAF

Ermənistan hökuməti Artik şəhərində İkinci Dünya müharibəsi qəhrəmanlarına ucaldılmış abidənin sökülərək Gümrü şəhərinə köçürülməsi planını təsdiqləyib.

Teleqraf xəbər verir ki, qərar “abidənin fiziki bütövlüyünün ən yaxşı şəkildə qorunmasını təmin etmək” məqsədilə qəbul edilib.

Abidənin köçürüləcəyi ərazinin abadlaşdırılacağı və vətəndaşların ziyarəti üçün daha əlverişli, daha geniş məkana çevriləcəyi bildirilib. Qeyd edilib ki, park abadlaşdırılacaq, genişləndiriləcək, köçürülən xatirə steli isə öz ilkin tarixi görkəminə qovuşacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl iddia edib ki, vətəndaşlar abidənin sadəcə sökülməsinə, köçürülməməsinə qarşıdırlar. O, bu memorial ətrafındakı vəziyyətin “tarixi yaddaşın yenidən yazılması ilə bağlı daha təhlükəli tendensiya”dan xəbər verdiyini vurğulayıb.

Zaxarova xatırladıb ki, 2025-ci ildə Ermənistanın dövlət televiziyasında nasistlərə bəraət qazandırılan fikirlər səsləndirilsə də, ölkə rəhbərliyinin buna heç bir reaksiyası olmayıb.