BAKI, 27 avqust. TELEQRAF
2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə kreditindən yararlana bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Bildirilib ki, avqustun 28-dən etibarən bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər kredit üçün müraciət edə biləcəklər.
Tələbələr ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra e-ttkf.edu.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Razılıq ərizəsini notariat ofislərindən, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "Mobil notariat" və ya "mygov" mobil tətbiqləri üzərindən elektron qaydada əldə etmək mümkündür.
Müraciət edən şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fondun ofisində xüsusi yardım masası yaradılıb. Tələbələr həftənin iş günləri saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Səməd Vurğun küçəsi 34 ünvanına (AF Mall, 18-ci mərtəbə) yaxınlaşa bilərlər. Bundan əlavə, sualların operativ cavablandırılması üçün Fondun Çağrı Mərkəzi və WhatsApp xətti də aktiv fəaliyyət göstərir.