BAKI, 27 avqust. TELEQRAF

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirilmənin nəticələrinə dair geniş statistik məlumatları yayımlayıb.

Teleqraf məlumatlara əsasən xəbər verir ki, bu il müsabiqədə iştirak edən 87 146 nəfərdən 58 947-si (o cümlədən 4 215 subbakalavr) tələbə adını qazanıb. Ali məktəblərin qəbul planı ilk mərhələdə 97.07% dolub.

"Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının 1711 nəfər daha çox olduğunu müşahidə edə bilərik. Eyni zamanda dövlət sifarişi və dövlət hesabı əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 290 nəfər çoxdur. Son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir.

Plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.84%). TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb.

II ixtisas qrupu üzrə də 97.52% olmaqla plan yerləri kifayət qədər dolub

I ixtisas qrupunda plan yerləri 96.64% dolub.

IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 91.91% və 93.71% dolub.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, “Azərbaycan” Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri 100 %, bundan əlavə, 20 ali təhsil müəssisəsində 95%-dən, 5 ali təhsil müəssisəsində 90%-dən çox dolub.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00) elektron qaydada my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 667* (RK üzrə 639, Rİ üzrə 28) plan yeri boş qalıb.

Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 12 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 416-dır. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 447 nəfərdir.

II ixtisas qrupu üzrə 395* plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir.

III ixtisas qrupu üzrə 25* (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3379 nəfərdir. Burada abituriyentlərin faktiki seçə biləcəyi yalnız bir ixtisas – Kitabxanaçılıq və informasiya (tədris ingilis dilində ) mövcuddur və 5 plan yeri qalıb.

IV ixtisas qrupu üzrə 407* plan yeri boş qalıb (bax qeyd). Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 138 nəfərdir.

V ixtisas qrupu üzrə 288* plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər",- məlumatda qeyd olunub.

Qeyd edilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunub. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara (aqrar yönümlü ixtisaslar istisna olmaqla) qəbul aparılmır və "Abituriyent" 7 jurnalında verilməyib. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunub.