BAKI, 27 avqust. TELEQRAF

Bu il subbakalavrların (kollec məzunlarının) qəbul göstəricilərində ciddi geriləmə müşahidə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə dair statistik hesabatında bildirilib.

Qeyd olunub ki, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı ötənilki göstəricidən 2 246 nəfər azdır. Ümumilikdə müsabiqədən keçən 4 215 subbakalavrdan 1 145-i dövlət sifarişi, 58-i dövlət hesablı, 3 012-si isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.

Müsabiqə vəziyyətinin yüksək olması və plan yerlərinin əvvəlcədən dolma proqnozu III ixtisas qrupunda subbakalavrların şanslarını sıfıra endirib. Müsabiqə nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazanıblar və bu qrupda subbakalavr qəbulu qeydə alınmayıb.

Kollec məzunlarının ən böyük uğuru II ixtisas qrupunda qeydə alınıb. Plan yerlərinin 97.52% dolduğu bu qrupda subbakalavrların şansları yüksək olub və ən çox kollec məzunu - 2 319 nəfər məhz II qrup üzrə ixtisaslara qəbul olunub. Digər qruplar üzrə statistik göstəricilər isə belədir:

I ixtisas qrupu: 1 197 subbakalavr

IV ixtisas qrupu: 627 subbakalavr

V ixtisas qrupu: 72 subbakalavr

Ümumilikdə subbakalavrlar 30 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Statistikaya əsasən, bəzi region universitetlərində kollec məzunlarının payı ümumi qəbulun dörddə birindən çoxunu təşkil edir. Beləki, Azərbaycan Texnologiya Universitetində qəbul olanların 28.67%-i (412 nəfər), Mingəçevir Dövlət Universiteti qəbul olanların 25.22%-i (433 nəfər), Lənkəran Dövlət Universitetində qəbul olanların 23.28%-i (474 nəfər) subbakalavrlar təşkil edib.

Xatırladaq ki, qəbul olan bütün şəxslər avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00) elektron qaydada "my.gov.az" portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.