BAKI, 27 avqust. TELEQRAF

Bakıda tam orta məktəblərdə tətbiq olunacaq yeni təmayül təhsil modeli üzrə qeydiyyat davam edir. Bu günədək 7845 şagird elektron sistem üzərindən müraciətini tamamlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan bu model üzrə qeydiyyat sentyabrın 1-nə qədər aktiv olacaq.

2026-2027-ci tədris ilində yeni təmayül modeli paytaxtın 31 təhsil müəssisəsini əhatə edəcək. Layihəyə cəlb olunan məktəblərin siyahısına 19, 21, 26, 45, 51, 71, 88, 96, 104, 106, 114, 116, 135, 136, 144, 182, 194, 196, 227, 239, 253, 262, 263, 283, 290, 302, 313, 320, 337 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseylər daxildir.

Bildirilib ki, modelin əsas hədəfi şagirdlərin əlavə hazırlıq kurslarına və repetitorlara ehtiyac duymadan birbaşa məktəbdə ali məktəbə hazırlaşmasını təmin etməkdir. Məktəblərdə təşkil olunacaq gücləndirilmiş tədris prosesi şagirdlərin lazımi bilik və bacarıqlara yiyələnməsinə şərait yaradacaq. Bu sistem həmçinin peşəkar müəllim potensialından daha səmərəli istifadə edilməsinə və təhsilin ümumi keyfiyyətinin artırılmasına xidmət edəcək.